Ölümdən sonra həyat varmı?




Sual: Ölümdən sonra həyat varmı?

Cavab:
Ölümdən sonra həyat varmı? Müqəddəs Kitab bizə deyir, “Qadından doğulan insanın ömrü azdır, həyatı sıxıntı ilə doludur. Çiçək kimi açar, solar, kölgə kimi keçib gedər. İnsan ölsə, dirilərmi?” (Əyyub 14:1-2, 14).

Əyyub kimi bir çoxlarımız bu sual barədə götür-qoy edirik. Biz öləndən sonra bizimlə nə baş verir? Bizim sadəcə ömrümüz bitir? Həyat, öldükdən sonra yenidən dünyaya qayıtmaq üçün insan əzəmətini göstərən fırlanan qapıdırmı? Hamı eyni yerə gedir, yoxsa biz müxtəlif yerlərə gedirik? Həqiqətən cənnət və cəhənnəm mövcuddurmu, yoxsa bu sadəcə insan düşüncəsinin məhsuludur.

Müqəddəs Kitab bizə deyir ki, nəinki ölümdən sonra həyat var, hətta heyranedici əbədi həyat var, “Allahın Onu sevənlər üçün hazırladığı şeyləri nə göz görmüş, nə qulaq eşitmiş və nə də insanın ürəyi düşünmüşdür (1Korinflilərə 2:9). Bədəndə gəlmiş Allah olan İsa Məsih gəldi ki, bizə əbədi həyat ənamını versin. “Bizim asiliyimizə görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq” (Yeşaya 53:5).

İsa bizim hər birimizin layiq olduğu cəzanı götürdü və Öz həyatını qurban verdi. Üç gündən sonra Ruh və bədəndə dirilməsi ilə ölüm üzərindəki qələbəsini sübut etdi. O yer üzündə qırx gün qaldı və göydəki əbədi evinə qayıtmamışdan əvvəl minə yaxın insana göründü. Romalılara 4:25 deyir, “İsa bizim təqsirlərimiz üçün təslim olundu və bizim saleh sayılmağımız üçün dirildildi.”

Həvari Pavel insanları, şahidlərə bunun həqiqiliyi barədə sual verməyə çağırırdı, lakin heç kim onun həqiqiliyi haqqında mübahisə edə bilmirdi. Dirilmə məsihçi imanının künc daşıdır, çünki İsa ölülərdən dirildi, biz də diriləcəyimiz barədə imana malik ola bilərik.

Pavel buna inanmayan bəzi ilkin imanlıları məzəmmət edirdi: “Əgər Məsih haqqında vəz olunursa ki, O, ölülərdən dirildi, sizlərdən bəziləri ölülərdən dirilmənin olmadığını necə söyləyə bilər? Əgər ölülərdən dirilmə yoxdursa, Məsih də dirilməmişdir” (1Korinflilərə 15:12-13).

Məsih həyata yenidən gələnlərin ilk nümunəsi olaraq, ölülərdən dirildi. Fiziki ölüm bir insan, Adəm vasitəsilə gəldi, hansı ki, biz hamımız ona bağlıyıq. Allahın ailəsinə İsa Məsihə iman vasitəsilə övladlığa götürülən hər bir kəsə yeni həyat veriləcəkdir (1Korinflilərə 15:20-22). Allah İsanın bədənini diriltdiyi kimi, İsa qayıdanda bizim də bədənimizi dirildəcəkdir (1Korinflilərə 6:14).

Baxmayaraq ki, sonda biz hamımız diriləcəyik, lakin hamımız cənnətə getməyəcəyik. Əbədiyyət üçün haraya gedəcəyi barədə seçimi hər bir insan bu dünyada etməlidir. Müqəddəs Kitab deyir ki, hər bir insan bir dəfə ölür, ondan sonra isə mühakimə olunur (İbranilərə 9:27). Salehlər cənnətdə əbədi həyata göndəriləcək, imansızlar isə cəhənnəmdə əbədi əzaba düçar olacaqlar (Matta 25:46).

Cəhənnəm, cənnət kimi, nəinki mövcuddur, fəqət əbədi və həqiqi olan bir yerdir. Bu elə bir yerdir ki, günahkarlar orada Allahın sonsuz, əbədi qəzəbinə məruz qalacaqlar. Onlar emosional, psixoloji və fiziki işgəncəyə tab gətirəcək və şüurlu şəkildə rüsvayçılıq, peşmançılıq və nifrətdən əziyyət çəkəcəklər.

Cəhənnəm dibsiz dərinlik (Luka 8:31, Vəhy 9:1), odlu və kükürdlü göl kimi təsvir olunub ki, oranın da sakinləri gecə və gündüz durmadan işgəncə çəkəcəklər (Vəhy 20:10). Orada ağlaşma və diş qıcırtma olacaqdır ki, bu da böyük kədərin və qəzəbin göstəriciləridir (Matta 13:42). Cəhənnəm “qurdu ölməz və atəşi sönməz” bir yerdir (Matta 9:48). Allah pis adamların ölümündən zövq almır, əksinə onların pis yollarından dönüb yaşamalarını arzu edir (Yezekel 3:11). Lakin o bizi itaət etməyə məcbur etmir; əgər biz onu inkar ediriksə, Onun bizə istədiyimiz şeyi verməkdə çox az seçimi qalır - Ondan ayrı yaşamaq.

Yer üzündəki həyat imtahandır - gələcəkdə olanlara hazırlıqdır. İmanlılar üçün bu bilavasitə Allahın hüzurunda əbədi həyatdır. Beləliklə, biz necə saleh ola və əbədi həyatı əldə edə bilərik? Ancaq bir yol var - Allahın Oğlu İsa Məsihə iman vasitəsilə. İsa dedi, “Dirilmə və həyat Mənəm; Mənə iman edən ölsə də yaşayar; və kim yaşayıb Mənə iman edərsə, əsla ölməz...” (Yəhya 11:25-26)

Əbədi həyat ənamı hamı üçündür, lakin bu dünyəvi zövqləri inkar etməyi və özümüzü Allaha həsr etməyi tələb edir. “Oğula iman edənin əbədi həyatı vardır; lakin Oğula itaət etməyən, həyat görməyəcəkdir, Allahın qəzəbi onun üzərində qalacaqdır” (Yəhya 3:36). Dünyamızı dəyişdikdən sonra günahlarımızdan tövbə etmək imkanı olmayacaq, çünki biz Allahla üz-üzə olacağıq və artıq bizdə ona iman etmək seçimi qalmayacaq. O istəyir ki, biz indi imanla Onun yanına gələk və Onu sevək. Əgər biz İsa Məsihin Allaha qarşı günahlı üsyanımızın əvəzini ödəmək üçün öldüyünü qəbul etsək, yalnız bu dünyada dolğun həyatımızın olacağına deyil, fəqət Məsihin hüzurunda əbədi həyata malik olacağımıza zəmanət verilir.

Əgər sən İsa Məsihi Xilaskar kimi qəbul etmək istəyirsənsə, burada bir dua nümunəsi var. Yadda saxla ki, bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “Allahım, mən bilirəm ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənim layiq olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm. Mən günahımdan üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. İsanı öz şəxsi Xilaskarım kimi qəbul edirəm! Sənin ecazkar lütfünə və əfvinə - əbədi həyat ənamına görə çox minnətdaram! Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.



Ana səhifəyə qayıt



Ölümdən sonra həyat varmı?