Sual
Öləndən sonra cənnətə gedəcəyimə necə əmin ola bilərəm?
Cavab
Sən əbədi həyatının olduğuna və öldükdən sonra cənnətə gedəcəyinə əminsənmi? Allah istəyir ki, sən əmin olasan! Müqəddəs Kitab deyir, “Bunları Allahın Oğlu adına iman edən sizlərə yazdım ki, siz əbədi həyata malik olduğunuzu biləsiniz” (1Yəhya 5:13). Təsəvvür et ki, indi sən Allahın qarşısında dayanmısan və O səndən soruşur, “Nə üçün səni cənnətə buraxmalıyam?” Nə cavab verəcəksən? Ola bilər ki, necə cavab verəcəyini bilmirsən. Öyrənməli olduğun şey budur ki, Allah bizi sevir və əbədi həyatımızı harada keçirəcəyimizə əmin olmağımız üçün bizə yol təmin edib. Müqəddəs Kitab bunu belə təsdiq edir, “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun” (Yəhya 3:16).
İlk növbədə bizi cənnətə getməkdən saxlayan problemi anlamalıyıq. Problem budur - bizim günahlı təbiətimiz bizi Allahla ünsiyyətdən saxlayır. Biz təbiətən və seçimdə günahkarıq. “Hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışdır” (Romalılara 3:23). Biz özümüzü xilas edə bilmərik. “Zira Allahın lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, Allahın ənamıdır. Əməllərdən asılı deyil ki, heç kim öyünməsin” (Efeslilərə 2:8-9). Biz ölümə və cəhənnəmə layiqik. “Çünki günahın əvəzi ölümdür” (Romalılara 6:23).
Allah müqəddəsdir, ədalətlidir və günahı cəzalandırmalıdır. Lakin buna baxmayaraq, O bizi sevir və günahlarımızın bağışlanmasını təmin etmişdir. İsa dedi: “Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz” (Yəhya 14:6). İsa çarmıxda bizim üçün öldü: “Çünki saleh olan Məsih də qeyri-salehlər uğrunda günahlar üçün bir dəfə əzab çəkdi ki, bizi Allaha yaxınlaşdırsın” (1Peter 3:18). İsa ölülərdən dirildi: “İsa bizim təqsirlərimiz üçün təslim olundu və bizim saleh sayılmağımız üçün dirildildi” (Romalılara 4:25).
Beləliklə, əsas suala qayıdaq - “Öləndən sonra cənnətə gedəcəyimə necə əmin ola bilərəm?” Cavab budur - Rəbb İsa Məsihə iman et, xilas olarsan (Həvarilərin İşləri 16:31). “Onu qəbul edənlərin hamısına, Onun adına iman edənlərə isə Allahın oğulları olmaq haqqını verdi” (Yəhya 1:12). Sən əbədi həyatı PULSUZ ənam kimi əldə edə bilərsən. “Allahın ənamı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır” (Romalılara 6:23). Sən elə indi dolğun və mənalı həyat yaşaya bilərsən. İsa dedi: “Mən isə gəldim ki, qoyunlarımda həyat, bol həyat olsun” (Yəhya 10:10). Sən əbədiyyəti İsa ilə cənnətdə keçirə bilərsən, İsa söz verdi: “Əgər gedib yer hazırlasam, təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm ki, Mən haradayamsa, siz də orada olasınız” (Yəhya 14:3).
Əgər sən İsa Məsihi Xilaskar kimi qəbul etmək və Allahdan bağışlanma almaq istəyirsənsə, aşağıdakı duanı edə bilərsən. Bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “Allahım, mən bilirəm ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənim layiq olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm. Mən günahımdan üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. Sənin ecazkar lütfünə və əfvinə görə minnətdaram! Amin!”
Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.
English
Öləndən sonra cənnətə gedəcəyimə necə əmin ola bilərəm?